Tbilisi barında baş tutan gerçək və mövcud görüş uzaq Bakıya xəyali gəzinti arzusunu yarıda kəsir.
·Məqaləm aşağıdakı cümlə ilə başlamalı idi: “Dünyada bir çox ölkə və şəhərlər var ki, onları görmək imkanım olmayıb. Bəlkə də heç vaxt qismət olmayacaq. Lakin bir şəhər var ki- Bakı-ziyarət etməyi çox istəyərdim, amma edə bilmirəm, çünki siyasi şərait bu arzunu reallaşdırmağı namümkün edir. ”
Davamında qeyd edəcəkdim ki, ədəbiyyatın köməkliyi ilə bu qeyri-mümkün arzunu mümkün etməyə çalışacam və oxuyucuya erməni və azərbaycanlı yazıçılar tərəfindən yazılmış, hadisələri qismən və ya tam olaraq Bakıda cərəyan edən əsərlər vasitəsilə 19-cu əsrin sonları 20-ci əsr Bakısında gəzintiyə çıxmağı təklif edirdim.
Gəzinti 19-cu əsr erməni yazıçısı Aleksandr Şirvanzadənin Xaos adlı romanı ilə başlayacaqdı və vurğulamaq istəyirdim ki, Qafqazın qeyri-rəsmi sənaye paytaxtı müəllif tərəfindən xaos halının ifadəsi hesab edilib. Bu xaosda Asiyanın göydəndüşmə zənginliyi ilə şəhər mərkəzindəki Avropa Oteldə çözülən dövrün burjuaziyası görüşür. Etnik münaqişələr rus opera müğənnisi üçün şərab vannası təşkil edən erməni, türk, gürcü və yəhudi neft maqnatları tərəfindən işğal edilən Ağ Şəhərdə kölgədə qalır. Bu zaman neft buruqları yerləşən Qara Şəhərdə hər gün işləməkdən zəif düşən eyni millətlərin digər nümayəndələri qazandıqları pula Avropa Oteldə sadə naharın xəyalını belə qura bilməzdilər. Şirvanzadə Bakıda yaşadığı müddətdə bu şəhər haqda yaza bilmirdi. O, romanını sona çatdırmaq üçün Qafqazın qeyri-rəsmi mədəniyyət paytaxtı Tbilisiyə qaçmalı oldu.
Gəzintinin növbəti dayanacağını 20-ci əsrin ilk yarısında yaşamış erməni yazıçı Vahan Totovents tərəfindən yazılmış 3 hissədən ibarət Bakı romanı təşkil edəcəkdi. O, Çar hökümətinin müxtəlif etnik qrupların-xüsusilə də birləşmiş erməni və azərbaycanlılar- tərəfindən müstəmləkə idarə sisteminə qarşı nümayişlərinin qarşısını almaq üçün daxili-etnik münaqişələri necə təşkil etməsi də daxil olmaqla Qara Şəhərin dərinliklərində yaşayan multi-etnik cəmiyyət haqda yazmışdır.
Mən xristian ermənilər və müsəlman azərbaycanlıların axır ki, böyük qardaşlarının əslində heç də böyük qardaş yox, daha çox diktator olduğunu, neft fontanlarının qaraltdığı kotteclərin həm də Çar qayda-qanunu laxladan, qısa müddət sonra isə 20-ci əsrin ikinci yarısında Qafqaz xalqlarının müstəqilliyinə aparan Fevral İnqilabının doğuşuna necə öz töhvəsini verməsini dərk etmələri haqda yazacaqdım.
Mən onda 1918-1920-ci ildəki ilk Erməni Respublikasının mədəniyyət naziri Levon Şantın Ruhların Susuzluğu romanına da müraciət edəcəkdim. Sovet rejimi qurulduqdan sonra Şant ölkədən çıxmağa və Beyrutda sığınacaq axtarmağa məcbur olur. O burda hadisələrin artıq ona qadağan edilən şəhər- Bakıda cərəyan etdiyi 1941 adlı romanını yazır. Romanda neft emalı zavodunda işləyən evli bir mühəndis uzaqlardan gəlmiş bir işçisinin bacısı qızına aşiq olur. O, adi bir neft qarasında parlaq nöqtə tapır, eyni zamanda dərk edir ki, o parlaq nöqtə həmin şəhərin palitrasına aid deyil və bir gün qara şəhərdən yoxa çıxaraq onun üçün sadəcə başqa dünyaların parlaq xatirəsi olaraq qalacaq.
Bundan sonra mən erməni mənbələrindən Azərbaycan ədəbiyyatına keçid edəcəkdim. İlk dayanacaq bəlkə də Qafqaz həyatını işıqlandıran ən məşhur əsər Əli və Ninoolacaqdı. İyirminci əsrin ilk rübbündən bəhs edən əsər azərbaycanlı Əli və gürcü Ninonun sevgi hekayəti haqdadır. Əsərdə erməni Melik Naxararyan da aparıcı rol oynayır.
Hadisələr Bakıda başlayır və İran, Qarabaq və Tbilisiyə keçir. Birinci Dünya Müharibəsində məyusluq yaşayan və Sovet Qırmızı Ordusuna qarşı döyüşdə Bakı şəhər divarları altında canverən Əli xarakteri ilə mən göstərmək istəyirdim ki, eyni zamanda tamamilə rusyönümlü olan ermənilərin inkişaf edən kimlik anlayışına zidd olaraq azərbaycanlıların milli kimliyinin anti-rus əsasları var idi. Ali və Ninoda azərbaycanlı məktəblilər öz rus müəllimlərindən və onun diqtə etdiyi müstəmləkə mədəniyyətindən razı deyildilər. Həmin məktəbli uşaqlar sonra böyüyərək sadəcə çar uniformasını Bolşevik papağına dəyişən eyni müstəmləkəçilərin növbəti “ziyarət”in qarşısını almaq üçün özlərini qurban verməyə hazır insanlara çevrildilər.
Daha sonra biz Əkrəm Əylislinin Daş Yuxular əsəri sayəsində Bakıya 20-ci əsrin sonlarında daxil olacaqdıq. Bu, bəlkə də bağlı Ermənistan-Azərbaycan sərhəddinin hər iki tərəfindən çox səs-küy doğuran əsər olmuşdu. Əsərin baş qəhrəmanı Saday Sadihli ilə yanaşı İmperiyanın süqutunun faciəvi və patoloji təzahürü olan, 1980-ci illərin sonlarında baş verən qırğında Bakıdakı ermənilərə yönəldilən vəhşətə, iki xalqın müştərək tarixini (bəzən sülhsevər, bəzən əksinə) silib yox etmək üçün edilən cəhdlərin ağrılı bir örnəyinə şahidlik etməyi təklif edəcəkdim.
Bu qəbildən olan əsərlər içində Seymur Baycanın Quqark romanını görməzdən gəlmək olmazdı. Əsərdə hadisələr əsasən erməni kəndi Quqarkdakı düşərgədə baş verir. Lakin əsər Bakıda yaşayan bir jurnalistin bal yeməkdən ibarət səhər meditasiya prosesi ilə başlayır. Müəllif tez-tez Quqark nağılını qəfildən kəsərək xəyalən bağlı sərhəddən Bakıya səyahət edir. Bu xəyali səfərlərdən birində biz 1988-90-cı illərdə milyon insanın toplaşdığı Bakının Azadlıq Meydanına gəlib çatırıq. İrəvanda eyni tarixdə, eyni sayda insanın toplaşdığı eyniadlı meydanı görünüşcə də Bakıdakını xatırladırdı.
Bakıda insanlar Yapon qəzetində azərbaycanlıların ən mübariz xalq olaraq tanındığı fikrinə qarşı hisslərini göstərmək üçün toplaşmışdılar. Qeyd edilirdi ki, hər bir azərbaycanlı inanır ki, Bakı nefti olmasaydı Sovet İttifaqı heç vaxt Faşist Almaniyası üzərində qələbə çala bilməzdi. Odur ki, onlar həmin gün azadlıqlarını kommunist Qorbaçovdan yox, Alman neo-nazidən tələb edirdilər.
Çox güman ki, öz səfərimi Əli əkbərin Artuş və Zaur romanını təqdim etməklə başa vuracaqdım. Hər iki ölkədə böyük səs-küy yaradan əsər Bakının Sovet məktəblərindən birində oxuyan, öz yaşıdlarından fərqli olduqlarını kəşf edən iki gənc oğlanı- erməni Artuş və azərbaycanlı Zaurdan bəhs edir. İki xalq arasında başlayan müharibə və onların arasında bağlanan sərhədlər onların gey münasibətini qırır.Onlar illər sonra Tiflisdə görüşərək sevgi hekayələrinə yenidən başlayırlar və alman rahibin köməkliyi ilə gey toyu edirlər. Romanın kuliminasiya nöqtəsi son iyirmi ildir hər iki xalq arasında danışılan ənənəvi nağıla çox oxşardır-ikisinin hər hansı görüşü yeni həyatla yox, ölümlə nəticələnər. Bu romanın sonunda Artuş və Zaur təqiblərdən-bir tərəfdən etnik mənsubiyyətləri, digər tərəfdən cinsi oriyentasiyadan qaynaqlanan- qaçaraq köhnə Bakıda yerləşən Qız Qalasına qalxır və ordan tullanaraq birlikdə olmağın yeganə yolu hesab etdikləri ölümə gedirlər.
Bütün bunlar bəlkə də mən daxil olmaqla dünyanın ədəbiyyat vasitəsilə dəyişəcəyinə inanan insanlar üçün maraqlıdır. Amma qısa müddət əvvəl Tiflisdə azərbaycanlı gənclərlə görüş məni əvvəlcədən qurulmuş bu mətni nəzərdən keçirməyə məcbur etdi. Mən bu xəyali gəzintini Azərbaycan-Ermənistan münaqişəsinin mürəkkəb düyününü açacaq bir baxış bucağı, hazırkı dövrün dolaşıq suallarına cavab vermək məsuliyyətindən uzaq, bir növ keçmişdən gələcəyə səyahət kimi təsəvvür etmişdim. Lakin həmin dolaşıq münaqişə düyünü sizə təbliğatın yaratdığı cani yox, adi insan kimi görünən, faktiki olaraq sizə digər bütün əcnəbi millətlərdən daha çox bənzəyən əcnəbilər tərəfindən təqdim edildikdə anlayırsız ki, məsuliyyət daşımadan keçmişdən gələcəyə hoppana bilməzsiz. Birgə yaşamaq üçün təsəvvür yaratmalıyıqsa bu, nə keçmiş, nə də gələcəklə yox, sırf indi ilə bağlı olmalıdır.
və beləliklə…
Bir qrup erməni və azərbaycanlı gənc Tbilisi şəhərində görüşür. İclas gündəliyinə əsasən onlar bir-birinə əl verib görüşməli, özlərini təqdim etməli, daha sonra isə bənzər yeməkləri sifariş verərək, eyni kuzədən çaxır içərək, eyni siqaret dəstəsindən çəkərək, eyni kül qabıdan istifadə edərək nahar etməlidilər…
Sonra isə onlar Tbilisidə paba gedir və orda boş masa olmadığını görürlər. Ümidsizliyə qapılmadan dolu masalardakı boş stullardan özlərinə masa düzəldir və nəzakətlə bir-birinə yer saxlayaraq yan-yana otururlar. Bir-birləri ilə rahatlıqla İngilis, Rus, Erməni, Azərbaycan dillərində, tez-tez də bədən dili və ya mimikalarla danışırlar. Danışmaqdan yorulanda isə azərbaycanlı qızlardan biri mahnı oxumağa başlayır və digərləri də ona qoşulmağa çalışır. Sonra xaric oxuduqlarına görə çıxan səslərə gülməyə başlayırlar.
Bundan da bezəndən sonra rəqs etməyə gedirlər. Tbilisi klublarından birində qeyri-adi bir musiqi çalınır. Bu mahnının sədaları altında səhnədə rəqs edən insanlar qəflətən bir-birini itələməyə, dürtməyə başlayır, içlərində dolub daşan adrenalini azad etməyin yolunu axtarırlar. Klubda rəqs edən bir qrup erməni və azərbaycanlı gənc davanın potensial qurbanlarına çevrilə bilərdilər. Lakin onlar bir-birini adrenalin zirvəsində rəqs edənlərdən qoruyur. Sonra onlar boş masa taparaq nəfəslərini dərməküçün əyləşirlər. Cəmi bir siqaretləri qalır və onlardan biri çölə çıxıb yeni paçka almaq istəyir. Amma qrupdan biri (ermənidir ya azərbaycanlı?) təklif edir ki, həmin siqareti növbə ilə çəkərək masada gəzdirsinlər. Bu təkliflə hamı razılaşır.
Erməni və azərbaycanlılar sürətlə yanan sonuncu siqareti özündən sonrakına da qalsın deyə çox dərinə çəkmədən masa ətrafında bir-birinə ötürərkən səhnədə multi-etnik toqquşma davam edir.
Bu xəyali hekayədə demək olar ki, heç nə uydurma deyil. Bu hekayə nə Çar, nə də Sovet xatirələrindən götürülməyib. Həmçinin erməni-azərbaycanlı münaqişəsinin həlli yolunu izləyən gələcək də deyil. Bu hekayədəki hadisələr müasir dövrdə, 2015-ci il sentyabrın ortasında baş verir. Bu o deməkdir ki, bizim iki indimiz var- televizorun bizə diqtə etdiyi və bu hekayədəki hər bir iştirakçının təsdiqləyəcəyi. Bu həqiqətlərdən hansını izləməyi seçsək həm özümüz həm də “əcnəbilər” üçün buna uyğun gələcək təsəvvür edə bilərik.·
Vahram Danielyan yazır