Keçmiş düşmənlərlə kin-küdurətsiz yan-yana yaşamaq hər iki tərəfin hiss etdiyi iztirab və ağrını anlamaq deməkdir.


·Bu məqalə Ermənistan və Azərbaycan müəlliflərinin Qarabağ Müharibəsi haqda yazılarına əsaslanır. Lusaharvatzner ermənilər və azərbaycanlıların açıq bölgədə yaşayacağı, uzun sürən qaranlıqdan sonra gözlərini açıb bir-birini işıqda görəcəyi məkan-gələcəyin kəndidir.

Güllə havanı yararaq, həyəcanlı çırpınışlardan lələkləri tökülən hər növ quşların arasından keçərək uçur. Əsasən qara quşlar, hərdən də ağlar; tək-tük hallarda zümrüd rənglilər.

Bu, qapıları, pəncələ və damları olmayan kiçik bir kənddir; kənd ağaclar, açıq ərazidə otlayan heyvanlar, kollar, təpələrlə əhatələnmişdir. Deyilənə görə, bu kənddə insanlar bir-birlərini kölgədə belə gördüklərini dərk edəndən bəri uzun müddət gözlərini bağlı saxlayıblar.

Amma günlərin bir günü oğlunu Qarabağ Müharibəsində itirmiş Balaş adlı azərbaycanlı təqaüdçü üç gün davam edən şıdırğı yağış altında meşəyə çəkilən erməni qadına rast gəlir. Balaş ancaq quru çörək və su ilə dolanır, oğlunun baş daşı üçün pul yığırdı. Körpəsinin bələyini açan erməni qadın isə balasının ölü olduğunu görür (bu obrazlar Günel Anarqızı və Ara Nazaretyan tərəfindən yazılan hekayələrdən götürülmüşdür). Qəflətən hər ikisinin gözünü qara duman bürüyür, səmadan ağ lələk düşür. Bu, ilk görüş idi.

Bu hekayə görən insanlar haqdadır. Bu, kahinlik, münəccimlik və ya cadugərlik deyil; bu bir insanın digəri ilə görüşü haqdadır, düşmənin mistik obrazının miskin havada qeyb oluşunun nəticəsidir. İnsanlar nəhayət ki, gözlərini açmağa başlayıblar – əvvəlcə biri, sonra daha biri, sonra isə bütün kənd Lusaharvatzner yəni ildırım vuran adlanmağa başladı. Uzun illər boyu dərin bir qaranlıqdan sonra işıq gözlərini dəlirdi.

İşıq vurmasına görə Bakı və Qarabağın xüsusi əhəmiyyətli adları var. Biz, Bakıda yaşayan erməni əsilli insanlar daha sonra ora ayaq ata bilmədik. Bəzən, onlar biləndə ki, kimsə isıq vuran Bakıdan gəlib, “ İcazə ver səni iyləyim. Səndən Bakı iyisi gəlir” deyirlər. (Seymur Baycan, Guqark). Eyni ilə azərbaycanlılar da Qarabağ adını eşidəndə gözləri parıldayır. Hər halda, onların çoxu orada anadan olub. Onlar biləndə ki, işıq vuranlardan kimsə əslən Qarabağdandır, ondan Qarabağ və Şuşa dağlarından danışmasını istəyirlər və orda havanın əvəlki kimi təmiz olub olmadığını soruşurlar.

İnsan həmişə həyatda yaşamağa və inanmağa ehtiyac duyur. Balzakın “ Sehrli Dəri” romanında baş qəhrəman özünü körpüdən atmağa hazırlaşanda minlərlə müxtəlif vasitələrdən–mağaza vitrinlərindən, insanlardan istifadə edir, əlini cibinə qoyur, pulların səsi onun dodaqlarına zərif bir təəbəssüm qondurur və o səyahətini uzatmağı qərara alır. Ən son anda inanmaq və həyata dörd əllə sarılmaq insanlara məxsus xüsusiyyətdir.

Ölümə yaxınlaşmaq qeyri-təbii bir şey deyil, çünki həyat real olandır. Eynisi müharibə qorxusu ilə yaşayan insanlar üçün də keçərlidir. O doyüş: İnanmazdılar ki, onların ayaqları altında mina partlayar.

Mən Lusaharvatzner kəndində peyğəmbər kimi ortada dayanmışdım. Mən əsl peyğəmbər olduğum üçün yox, emosional olduğum üçün qışqırırdım.

“Lusaharvatznerin sakinləri, eşidirsiniz? Torpaq danışa bilmir. Yer altında olanlar biz sağ insanlara aid deyil. Torpaqda olanlar torpağa aiddir. Amma orda müharibənin şahidi olmuş insanlar və demək istədikləri var.”

Lusaharvatznerin sakinləri sakit insanlar idilər. Sonra azərbaycanlı həmin otun üzərində dayandı və ağır bir kitab açdı.

“İnsanlar ev tikdikdə bir gün zəlzələ nəticəsində və ya yanıb kül olaraq dağıla biləcəyindən narahat olurlar, amma heç kimin ağlına gəlməzki bir gün bomba nəticəsində məhv ola bilər.”

“İnsan ağlı təsəvvürünə gətirə bilər ki, regional mərkəz öz qəfəsindən qaçan əjdaha tərəfindən dağıla bilər. Amma ən zəngin təxəyyül belə evlərin və bağların bombalar tərəfindən məhv ediləcəyini təsəvvür edə bilməzdi.” ( Seymur Baycan, Quqark)

Böyük bir kəşf etmiş kimi, “müharibə həyatın, dostların antonimidir” deyə mən yerimdən qışqırdım. Dediyim yeni bir şey deyildi amma bu uzun müddət gözlərini bağlayaraq kölgələr altında yaşayan insanlar üçün ilk dəfə imiş kimi səsləndi.

Ümumiyyətlə, nifrət həmişə mücərrəd və çoxşaxəlidir. Öz düşməninizə qarşı nifrət, yadlara qarşı nifrət, siz onu xüsusi etməyə çalışdıqca o daha da azalır və zəifləyir və yox olur. Dediklərimin sübutu olaraq, Lusaharvatzner sakinlərinə Köçəryanın kitabından bir parça oxuyum.

Arzu hər yanan işıq ilə külə dönmüşdü. Mən qəbul etdim ki, bu nifrət idi. Və bir neçə gün əvvəl mən məhbusluq həyatı bitmiş bir qızla söhbət edirdim. O, göz yaşları içində idi. Mən nifrət hiss etmədim.”

Küncdə dayanmış yaşlı kişi, gözlərini yerə zilləyərək “ Müharibə qorxudur, müharibə…. öhdəlikdir” dedi; daha sonra yerindən, əlini qaldırmadan erməni şair Husik Aranın şeirini oxudu.“ Səni həqiqətən və sidq ürəklə sevən, qanına qəltan olan oğlanlar bir gün bağdan, küçədən və kafedən qalxıb silahlar daşıyaraq döyüş meydanına getdi. Amma onlar sənin bürünc və ya daş heykəllərindən deyillər… və bizim məcbur olaraq sürükləndiyimiz müharibədə qələbə qazanmaq üçün ödədiyimiz ağır itkinin mütəmadi xatırlarması var…”

Onun səsi, payızda solmuş yarpağa bənzədi. Qoca, boğazını təmizlədi. Sözləri boğazına tıxandı.

“Partladılmış mərmiləri, atəş artilleriyası ilə dağıdılmış evləri və bulaqları eşidən uşaqlara biz nə deyə bilərik? Müharibəni onların gözlərindən və qulaqlarından necə silə bilərik?” Üzündə yüzlərlə çopur izi olan yaşlı bir qadın, mərmilər ondan uzaqda partladılmış olsaydı belə, yenə də onun görünüşündə silinməz izlər buraxacağını dedi.

Hiss etdim ki, həmin an biz hamımız dərinliyimizdə insanla dolmuşduq-hə, sırf bu cür ifadə etmək istəyirəm. Dünyanın bütün uşaqları öz uşaqlıqlarından gələcəyə səyahət etdilər. Biz çoxumuz uşaqlığımızı dadaraq bu yaşa gəlmişik amma o yaşlı qadın, barmağını üzündəki çopur izlərindən- silinməz oyuqlardan- birinin üzərinə qoyaraq itirilmiş uşaqlığı haqqında danışırdı.

Yaşıl sahədə ulduzlar kimi səpələnən uşaqların hərəkətlərində hələ də bir qorxu var idi; onlar fikirlərində silahları hələ də əllərindən atmamışdılar. Onlardan biri ayağa qalxıb danışmağa başladı: “Əvvəl mən də işığa nifrət edirdim. Onu məhv etmək istəyirdim. Çünki mən uzun müddətdi görmədiyim şeyi görməkdən qorxurdum… görməyə öyrəşmədiyim, milliyətim, tarixim və nəhayət, müharibənin qadağan etdiyi şeyi görməkdən…Anası erməni olan azərbaycanlı oğlanın anasından utanmağı həmin işıqdan qaynaqlanırdı, ona görə anasını qaranlıqda itirmək, unutmaq istəyirdi. Ancaq ruhunuza yer etmiş insanı unutmaq mümkün deyil; bu, Allahı unutmaq kimi bir şeydir.”

Zəif alqış səsləri eşidildi, amma insanlar belə həqiqətlər səsləndikdən sonra ürəklə əlçalmağa qorxurdular. Belə həqiqətləri eşitdikdən sonra adətən yarım saatlıq meşənin dərinliklərində itib özünə bu sualı vermək istəyirsən, “Axı niyə? Niyə o insanı ürəyimin bu qədər dərinliyinə gömdüm?”

Havada bir güllə uçur, bu güllə quşa çevrilə bilər? Qulağını torpağa daya, dərinliklərdən gələn bir səs eşidəcəksən. Elə yumşaq, zəif səs ki, yalnız sən onu eşidə bilərsən. O deyəcək: “ Güllə elə güllədir, istər havada olsun, istər torpaqda, istər suda ya da torpağın altında.”·


Mane Grigoryan yazır


Mane, 26 yaşlı, jurnalist və yazıçı. O, qismən ATƏT tərəfindən maliyələşdirilən araşdırıcı onlayn qəzet Hetq.am-da çalışır. O, həmçinin iki şeir külliyatı nəşr etdirmişdir- Yanılmış Göyərçinlər və Soyuq Qadın; sonuncuya görə o 2013-cü Prezident Gənclər Mükafatının qalibi olmuşdur. Amerika Gənclər Federasiyasının idarə heyətinin üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *