Qafqazdaki siyasi birlik, ölkələrin gücünü birləşdirərək, inkişaf etmiş və daha yaxşı əlaqələri olan region yaratmaq üçün iqtisadi birlik yaranması ilə davam etdi.
·Növbəti ay, Qafqaz Birliyi 26 may 2020-ci ildə qurulmasının 10-cu il dönümünü qeyd edəcək. Rusiya, ABŞ, Çin, Hindistan və Avropa daxil olmaqla, dünya liderləri, Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərinin kəsişməsində yerləşən, birliyin yeni paytaxtı Batbivanda keçiriləcək tədbirlərdə iştirak etmək niyyətində olduqlarını təsdiqləyiblər.
Geriyə baxdığımız zaman, 2014 və 2015-ci ildə sərhəd boyu gərginliyin çoxalmasında böyük rol oynayan, hələ 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ müharibəsi başladıqdan qısa müddət sonra başlamış Ermənistan və Azərbaycan arasındakı silah yarışması idi. Növbəti 2016 və 2017-ci illər ərzində, bu gərginliyi idarə etmək mümkün olmadı və 1994-cü ildəki rəsmi atəşkəsdən bəri itki sayının ən yüksək olduğu, həftə boyu davam edən atışmalara gətirib çıxardı. Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinin pərdə arxasında, bu vəziyyət tezliklə daha böyük yer tutmağa başladı. Türkiyə Azərbaycanın köməyinə gəldi, Rusiya isə Ermənistanı dəstəklədi. Amerika hərbi məsləhətçiləri bir zamanlar sülh şəraitində yaşayan və indi Tiflisin bu məsələyə biganə qalmamasını tələb edən erməni və azərbaycanlı milli azlıqların arasındaki amansız qarşıdurmanın olduğu Gürcüstana yerləşdi. Hər iki tərəf digər tərərfin paytaxtına – Bakı və Yerevana – istiqamətlənən orta ölçülü raketlər əldə etməyə başladı. Dünya qəzetləri Kuba nüvə raketi böhranındaki dəhşəti xatırlatırdı.
Bu onların ölkələrinin tam məhvinin başlanğıcı idi ki, görüşmək və köhnə Sovet mahnılarını birlikdə oxumaq üçün öz sevimli paytaxtlarını tərk edən məşhur erməni və azərbaycanlı yazıçıları, aktyorları, müğənniləri və məşhur siyasətçiləri birləşdirən Bakuriani Sülh hərəkatının yaranmasına səbəb oldu. Heç kim bu milli sərvətlərin toplantısında silah açmağa cəsarət etmədi və internet sayəsində bu yığıncağın xəbəri hər yerə yayıldı.
Görünür ki, bu təsirli hadisə insanları pis bir yuxudan oyandırdı və qana susamış siyasətçilər gücdən salındı. Nəhayət 2019-cu ildə sülh razılaşması ilə nəticələnən atəşkəs elan edildi.
Sonda Gürcüstan daxil olmaqla, üç ölkə öz demilitarizasiya və beynəlxalq neytrallığını elan etdi. Ölkələr başa düşdü ki, təklikdə onlar inkişaf etmirlər. Oliqarxiya, məzənnə devalivasiyası, əmtəə qiymətinin düşməsi və silahlanma yarışının təsirindən əmələ gələn iqtisadi böhranın miqyası o qədər böyük həddə çatmışdı ki, bu ölümcül nöqtədən ölkələr yalnız birləşərək qabağa gedə bilərdilər. Beynəlxalq kreditorlar da hər üç ölkə böhranın öhdəsindən gəlmək üçün güclərini birləşdirdiyi halda onların böyük kredit verə biləcəklərini vəd edərək əməkdaşlıq üçün israr edirdi.
İlk addım 2020-ci ildə birlik və onun konstitusiyası üçün referendum keçirməklə atıldı, Tanınmayan Abxaziya və Cənubi Osetiya Respublikası elan etdi ki, əgər bütün ölkələrin Dağlıq Qarabağ ərazisində yerləşən Qafqaz Parlamentində -Seym- eyni səs hüququ olsa onlar birliyə daxil olacaqlar. Gürcüstandaki bəzi kiçik miqyaslı etirazlara baxmayaraq, Gürcüstan höküməti bunun keçmiş Gürcüstan ərazilərinin yenidən inteqrasiyası üçün yaxşı imkan olduğunu düşünərək Cənubi Osetiya və Abxaziyanın təklifi ilə razılaşmağa qərar verdi. Birlik Referandumundan sonra, ölkələr birliyin iqtisadi cəhətdən bərpasına başladı.
Bu məqsədlə, Qafqaz Birliyi Sovet İmperiyası zamanı Ermənistan, Azərbaycan, Gürcüstan, Abxaziyadan keçərək regionu Rusiya dəmiryolları xətti ilə birləşdirən Pan Qafqaz dəmiryolu xəttinin yenidən inşasına qərar verdi. Növbəti addım bu dəmiyolu xəttinin regionu Avropa, Orta Şərq, Mərkəzi Asiya və Uzaq Şərq ilə birləşdirməyə kömək edəcək Türkiyə və İran dəmiryolu xəttləri ilə birləşdirməkdir. Pan-Qafqaz dəmir yolunun inşası iki il əvvəl tamamlandı və Xəzər dənizindən Qara dənizə qədər rəngarəng parad ilə reslər üzərində dairəvi hərəkət edərək açıldı. Bu, regionun iqtisadi sabitliyi üçün böyük bir təkan idi, və nəhayət regionu şərqdən qərbə, cənubdan şimala nəqliyyat dəhlizinə çevirdi. Bu mövzudaki digər bir inkişaf Batum, Poti, Suxumi və Bakı portlarının müasirləşdirilməsi idi. Qafqaz Birliyi qısa zamanda Asiya və Avropa arasındaki vacib transit dəhlizi və iqtisadi mərkəz olan İpək yolu üzərindəki Mirvari kimi tanınmağa başladı.
Dəmiryolunun inşasından sonra Qafqaz Birliyi onu xarici investisiya üçün daha cəlbəedici yerə çevirən digər bir nəhəng layihə – Qafqaz Bankı və Ticarət Bazarını təsis etdi. Dəmiryolu xətti və ticarət bazarının qurulmasından iki il sonra, neftayırma zavodu inşasına və Xəzərin qazını Adriatik dənizi vasitəsiylə Balkanlara və İtaliyaya çatdırmağa başlayan Trans-Qafqaz boru kəməri kimi layihələrin həyata keçirilməsinə şərait yaradan Qafqaz Birliyinin ümumi daxili məhsulu 25%-ə qədər çoxaldı.
Külək və günəş enerjisi stansiyaları şəbəkəsini inkişaf etdirməklə və Qafqazın güclü axını olan çaylarının üzərində su elektrik stansiyaları şəbəkəsini tikərək, Qafqaz Birliyi həmçinin Avropanın təmiz və bərpa edilə bilən enerji ixracatçılarından birinə çevrildi. Ekoloji təmiz enerji yığımı Ermənistana Metsamordaki Sovet dönəmindən qalmış arzu edilməyən mirasın bir hissəsi olan – nüvə reaktorunu bağlamaq imkanı verdi.
Ermənistan ərazisindəki böyük metal mədənləri, birliyi qısa zamanda cəld sənayeləşmiş dövlətə çevirdi, qeyri-məhsuldar torpaqları geridə qoyaraq, insanlar əyalət və kəndlərdən böyük şəhərlərə doğru hərəkət eləməyə başladı. Fermer və kəndliləri öz əyalətlərində saxlamaq və kənd təsərrüfatını inkişaf etdirmək üçün birlik kənd təsərrüfatı sahəsi vergiləri üzərində 15 il müddətinə moratorium tətbiq edilməsini elan etdi. Dövlət tərəfindən edilmiş böyük yardımlar və möhtəşəm iqlim və keyfiyyətli torpaq imkanları, Qafqaz Birliyini Avropanın və Orta Şərqin tanınmış kənd təsərrüfatı mərkəzlərindən birinə çevirdi. Onun kənd təsərrüfatı məhsulları Orta Şərq, xüsusilə Ərəbistan yarımadası, Rusiya və Avropaya ixrac edilir.
Rusiyanın böyük maliyyə resurslarının yanısıra, ABŞ və bəzi Avropa ölkələrinin əhəmiyyətli siyasi təsiri ilə Erməni diasporası birliyin yeni iqtisadi layihələri üçün investisiya və maddi imkanlar gətirdi. Həmçinin onlar Qafqaz Təhsil Fonduna təhsilin yaxşılaşması və regionda inkişaf adına kömək etdilər. Məktəb və universitetlər yeniləndi və universitet professorlarının maaşları birlikdən əvvəlki zamanla müqayisə edildiyi zaman 310 faiz, məktəb müəllimlərinin maaşları 250 faiz artırıldı. Birlik həmçinin bütün vətəndaşlara pulsuz ali təhsil imkanı verdi.
Turizm Qafqaz Birliyinin digər inkişaf edən sahəsinə çevrildi. Qədim tarixi abidələri və möhtəşəm təbiəti, yüksək dağları və kanyonları ilə tanınan ərazi Şərq yarımkürəsinin ən vacib və cəlbedici regionlarından birinə çevrildi. Münasib qiymətlər axtaran səyahətçilər üçün müxtəlif ucuz otel və turistik məkanlar ilə birlikdə dəbdəli otel və əyləncə mərkəzləri şəbəkəsi yarandı. Pan-Qafqaz dəmiryol xətti ucuz dəmiryolu biletləri vasitəsilə səyahət xərclərini azaltmağa imkan verərək, turistlərin sayın çoxaltdı.
Sürətli inkişaf edən iqtisadiyyatın daha çox işçi qüvvəsinə ehtiyacı var idi. Beləliklə, ənənəvi olaraq öz mühacir işçiləri ilə tanınan Qafqaz qlobal əmək bazarının diqqətini cəlb eləməyə başladı. Minlərlə mühacir gəlir əldə etmək və həyatlarının yeni səhifəsinə başlamaq üçün Qafqaza gəlməyə başladı. Regiona yeni investisiya və maliyyə cəlb edən bank şəbəkələri ilə iqtisadiyyatının digər bir hissəsi də öz yerini tapdı.
Baxmayaraq ki, hələ də bəzi yerli güclərdən təsirlənən separatist və milliyətçi hərəkatlar mövcuddur, çox az adam bu fikirlərdən təsirlənir. Çünki üzv dövlətlər Birlik qurulmazdan əvvəlki zamandan daha yaxşı nəticələr əldə edib.
Insanlar tərəfindən göstərilən birgə cəhdlərin son 10 ili öz nəticələrini tezliklə göstərdi. Bütün bunlar öz növbəsində vətəndaşlar arasında qarşılıqlı nifrət və inamsızlığı azaltdı. Bu münaqişə zonası, qarşılıqlı nifrət və inamsızlıq artıq qarşılıqlı maraqlar, çiçəklənmə və inkişafla əvəz olundu. Bəzilər üçün bu yenidən bərpa və iqtisadi inkişaf baxımından ideal modeldir, bəziləri üçün isə rəngarəng baxça xəyalıdır.·
Karen Tovmasyan yazir